Növbəti istilik mövsümünün startına bir ay vaxt qaldığı halda, Avropanın yeraltı qaz anbarlarındakı (YQA) ehtiyat həcmi 2011-ci ildən bu yana qeydə alınan ən aşağı həddə düşüb. Bu vəziyyət region dövlətlərinin qazla təminatı üçün ciddi risklər formalaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumatlarına əsaslanan TASS-ın hesablamalarında bildirilir.
Ötən avqust ayı ərzində Avropa anbarlarından istifadə edilən qazın həcmi son beş ilin maksimumuna çatıb və 771 milyon kubmetrə (əvvəlki illə müqayisədə 11% çox) bərabər olub. Bununla yanaşı, YQA-lara qazın doldurulması 8% geriləyərək 10 milyard kubmetr səviyyəsində qalıb. Yekun olaraq, avqust ayında xalis vurulma (doldurulan və çıxarılan həcmlərin xalis fərqi) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% azalıb. Cəmi 9.2 milyard kubmetr təşkil edən bu rəqəm son 12 ilin ən zəif göstəricilərindən biri kimi qeydə alınıb.