Avstraliyada xilasedicilər Melburn yaxınlığındakı meşəlik ərazidə altı gün təkbaşına qalmış 17 yaşlı Vilyam adlı gənci tapıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Yerli sakin polis helikopteri ilə aşkarlanıb. O, dərənin kənarındakı düz bir qayanın üzərində dəsmala bürünərək yatmış vəziyyətdə olub. Onun əynində yalnız şort və çəkmə olub. Həkimlərin sözlərinə görə, günəş yanıqlarına və bir neçə gün normal qidalanmamasına baxmayaraq, Vilyamın səhhəti kifayət qədər yaxşı olub.
Valideyni həftəsonu Vilyamı və onun dostunu çadırda dincəlmək üçün Valqalla şəhərciyi yaxınlığına aparıb. Gənc qalan ləvazimatları gətirmək üçün getsə də, çadıra bir daha qayıtmayıb. Onun telefonu, qidası və suyu düşərgədə qalıb. Autizm diaqnozu qoyulmuş Vilyam tanımadığı ərazidə istiqaməti müəyyən etməkdə çətinlik çəkib.
Axtarış əməliyyatlarına elə həmin gün başlanılıb və prosesə yüzdən çox polis, xilasedici və könüllü cəlb edilib. Sonradan məlum olub ki, gənc bir neçə gün ərzində sıldırım meşə yamaclarında dolaşıb. O, son iki günü düşərgədən təxminən iki kilometr aralıda axan suyun kənarında keçirib. Üzərində helikopter peyda olduqda Vilyam oyanıb və xilasedicilərə baş barmağını qaldıraraq işarə edib. Bundan sonra o, bucurqad vasitəsilə hava gəmisinin göyərtəsinə qaldırılıb.
Möcüzə nəticəsində sağ qalan şəxsin anası jurnalistlərə müsahibəsində - "Onun sağ olduğuna görə inanılmaz dərəcədə xoşbəxtəm", - deyə bildirib.
Daha sonra qadın zarafat edərək oğlunun ömürlük cəzalandırıldığını və artıq heç vaxt evdən çıxmayacağını qeyd edib.