Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiyi şikayət rədd edilib.
Ötən il ayrı yaşadığı ərinin üç qohumunu zəhərli göbələklərdən hazırlanmış yeməklə öldürməkdə təqsirli bilinən Pattersonun şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası çəkməsi barədə qərar qüvvədə saxlanılıb. Hakimlər cinayətin "qeyri-adi dərəcədə soyuqqanlılıqla və planlı şəkildə" törədildiyini vurğulayıblar. Onların qənaətinə görə, əməlin xarakteri şərti azadlığa buraxılma imkanına uyğun deyil.
Nə baş vermişdi?
2023-cü ildə, həmin vaxt 51 yaşı olan Erin Patterson ayrı yaşadığı ərinin valideynləri Qail və Donald Pattersonu, eləcə də Qailin bacısı Hizer Uilkinsonu zəhərli göbələklər qatılmış bifşteks yeməyi ilə zəhərləyərək öldürməkdə təqsirli bilinmişdi.
O, həmçinin yeməkdən sağ xilas olan Hizerin əri Yan Uilkinsona qarşı qəsdən adam öldürməyə cəhddə də günahkar sayılmışdı.
Patterson şərti azadlığa buraxılma hüququ olmadan 33 il müddətinə ömürlük həbs cəzasına məhkum edilmişdi. O isə ölümlərin bədbəxt hadisə nəticəsində baş verdiyini bildirərək ittihamları daim rədd etmişdi.
Ölkədə şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası alan ikinci qadın
Pattersonun vəkilləri bəzi sübutların məhkəmə işindən çıxarılmalı olduğunu, bir sıra dindirmələrin ədalətli keçirilmədiyini və münsiflər heyətinin prosesin digər iştirakçıları ilə eyni hoteldə qalmasının məhkəmə qərarına təsir göstərə biləcəyini iddia ediblər.
Lakin hakimlər apellyasiya şikayətində göstərilən bu əsasları kifayət hesab etməyiblər. Beləliklə, Patterson Avstraliyada şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilən ikinci qadın olub.
Məhkəmə işi kitablara və seriala mövzu oldu
Moruell qəsəbəsində keçirilən və 11 həftə davam edən məhkəmə prosesi Avstraliyadan kənarda da böyük marağa səbəb olub. Hadisə sonradan bir sıra podkast və kitablara mövzu olub.
Məlumata görə, məhkəmə işindən bəhs edən altıseriyalı serial da hazırlanır. Yeni Zelandiyalı aktrisa Melani Linski ekran işində Erin Patterson obrazını canlandıracaq.