Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycandakı prezident seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzindədir - YENİLƏNİB + FOTO/VİDEO
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır.
“Associated Press“ agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib. Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub.
“Tengrinews”, “lada.kz”, “The Express Tribune”, “DND”, “Daily Times”, “Oc-media.org” platformalarında yer alan xəbərlərdə növbədənkənar prezident seçkisinin Azərbaycanda yeni dövrün başlanmasına dəlalət etdiyi, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra ilk dəfə bütün ölkə ərazisini əhatə edən seçkidə vətəndaşların fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə tarixində dönüş nöqtəsi olan və yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilən bu dövrdə seçkinin keçirilməsi bir növ çağırış rolunu oynayır. İşğaldan azad olunmuş ərazilərdə seçkinin baş tutması isə ölkədə milli birlik istəyinin və həmin ərazilərin ölkənin siyasi-inzibati strukturuna tam inteqrasiyasının bariz təcəssümüdür.
Məqalələrdə bir sıra xarici ölkə və beynəlxalq təşkilatın Azərbaycana qarşı ədalətsiz mövqeyi, ölkənin uğurlarını qəbul edə bilməməsi, siyasi və diplomatik manevrlərlə əsassız ittihamlara əl atmasına da toxunulub. Bununla belə son 20 ildə Azərbaycanın real uğurlarını əks etdirən danılmaz göstəricilərin də göz önündə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, 2003-cü ildən 2022-ci ilə qədər Azərbaycanın ümumi daxili məhsulu 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara yüksəlib, yaşayış səviyyəsi, əhalinin gəlir səviyyəsi, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi işlər görülüb.
Yazılarda qeyd edilib ki, Azərbaycanda növbədənkənar prezident seçkisi ölkənin siyasi tarixində mühüm mərhələdir. İrəliləmək, daxili və beynəlxalq çağırışları həll etmək, eyni zamanda, son uğurlardan yararlanmaq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolunda vacib məqamlar olacaq.
Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkisi ilə bağlı bu gün keçirilən səsvermə prosesi ərəb mediasının da diqqət mərkəzindədir.
Suriyanın SANA, Liviyanın LANA, Misirin MENA informasiya agentlikləri, həmçinin Misirin “Əl Əhram”, “Dustur”, “Əl-Qahirə” qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Xalic” və “Gulf365” portalları, Əlcəzairin “Şuruq” nəşri Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə keçirilən səsvermə barədə xəbər və reportajlar dərc ediblər.
Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, səsvermə prosesində Azərbaycan vətəndaşlarının yüksək fəallığı qeydə alınıb, həmçinin beynəlxalq və yerli müşahidəçilər, nüfuzlu media təşkilatlarının nümayəndələri növbədənkənar prezident seçkisinin gedişini izləyirlər.
Növbədənkənar prezident seçkisinin region üçün əhəmiyyətini diqqətə çatdıran ərəb mediası vurğulayıb ki, Azərbaycanın müasir tarixində ilk dəfə ölkənin bütün ərazisində səsvermə keçirilir. 2020-ci ildəki 44 günlük müharibə və ötən il aparılan antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb və vətəndaşlar bu bölgələrdə səsvermə prosesində yüksək fəallıq nümayiş etdirirlər.
16:31
Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda seçki məntəqələrində fəallığın yüksək olduğu, ilk bir neçə saat ərzində seçicilərin 20 faizinin səs verdiyi, günün sonuna qədər isə rekord səviyyəyə qalxmasının gözlənildiyi bildirilib.
Xüsusi vurğulanıb ki, seçici fəallığının yüksək olması, ilk növbədə, Qarabağın geri qaytarılması ilə əlaqədardır.
“Məhz bu bölgədəki seçki məntəqələrindən birində ölkənin hazırkı lideri İlham Əliyev səs verib”, - deyə süjetdə bildirilib.
MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev “Birinci kanal”a müsahibəsində qeyd edib ki, missiyanın üzvləri respublikanın bölgələrində də seçkinin mütəşəkkil və düzgün keçirildiyi barədə məlumat verirlər.
14:57
44 günlük müharibə və antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Qarabağ əraziləri daxil olmaqla, Azərbaycanda ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkisi keçirilir.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Arqumentı i faktı” (AiF), “Nezavisimaya qazeta” və “Moskovski komsomolets” nəşrlərində xəbərlər dərc olunub.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası nəticəsində bütün respublika üzrə ilk dəfə seçki keçirilir”, - qeyd olunub.
Rusiya KİV seçki, namizədlər haqqında və digər məlumatları oxucularına çatdırıb.
“Arqumentı i faktı” nəşrində vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xankəndi şəhərində səs veriblər.
“Nezavisimaya qazeta” qeyd edib ki, davam edən seçkini 88 ölkədən müşahidəçilər izləyirlər.
09:16
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Rusiyanın “RIA Novosti” kanalı süjet hazırlayıb.
Qeyd edək ki, səsvermə səhər saat 08:00-dan başlayıb və axşam saat 19:00-a kimi davam edəcək.
"Birləşmiş Ərəb Əmirlikləri" teqi üzrə xəbərlər
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- Qastronomik səyahət və Şərq cazibəsi: Dubay atmosferinə dalma
- BƏƏ-də öldürülən ravvinin qatilləri Türkiyədə yaxalandılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
Rəylər