Moldova prezidenti Nikolay Timofti bu gün Kirill Qaburiçin rəhbərliyi altında yeni hökumətin təsdiqi haqqında dekret imzalayıb. Bu barədə Oxu.Az Moldova KİV-nə istinadən xəbər verir.
Baş nazir Kirill Qaburiç bəyan edib ki, ən yaxın zamanda hökumətin ilk iclası keçiriləcək.
“Şadam ki, nəhayət hökumət formalaşdı. Yaxın zamanlarda nazirlər kabinetinin ilk iclası keçiriləcək. İclasda leyin gələcək devalvasiyasının qarşısını almaq və ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün təcili tədbirlər müzakirə olunacaq”, - Qaburiç deyib.
20:22
Moldova parlamenti bu gün “Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiçin baş nazir postuna namizədliyini təsdiq edib.
Oxu.Az Moldova KİV-nə istinadən xəbər verir ki, onun namizədliyini 60 deputat dəstəkləyib.
Qaburiçin baş nazir postuna namizədliyi fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən irəli sürülmüşdü.
Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqidir.
“Real olaraq, bir neçə il ərzində Moldova Avropa İttifaqının tam hüquqlu üzvü olmalıdır”, - deyən Qaburiç əlavə edib ki, Moldova ənənəvi tərəfdaşları – Rusiya, Ukrayna və Rumıniya ilə münasibətləri inkişaf etdirməlidir.
Moldova hökumətinin 2015-2018-ci illər üçün əsas məqsədləri rifahın, təhlükəsizliyin və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Qeyd edək ki, öncə Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub.
2012-c ildə o, Azərbaycanda Azercell şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.