Səudiyyə Ərəbistanının Ali məsləhət orqanı olan Şura məclisi dövlət məktəblərində qızlara bədən tərbiyəsi dərsinin keçirilməsinə qoyulan qadağanı bir daha nəzərdən keçirmək üçün Təhsil Nazirliyinə müraciət edib. Şura məclisi həmçinin qızların idmanla yalnız şəriət qaydalarına uyğun geyimdə məşğul olmalarını iddia edir.
Oxu.Az News.ru-ya istinadən bildirir ki, Şura məclisi Parlament deyil, onun bütün üzvləri kral tərəfindən seçilir. Buna baxmayaraq bu aktual problemlərin ictimai müzakirə olunduğu yeganə forumdur. Məclisin qərarları qanuni olmasa da, təşəbbüs krallıqda qadınların haqlarının genişləndirən vacib addım kimi qəbul edilib.
Səudiyyə Ərəbistanı qadınların hətta maşın sürməyə belə icazə olmadığı yeganə ölkədir. Küçədə və ya ictimai yerdə onlar yalnız himayədarlarının - ata, qardaş və ya ərinin müşayiəti ilə görünə bilərlər. 2012-ci ildə Londonda keçirilən Olimpiadada ilk dəfə krallığın nümayəndələri olan qadın idmançılar iştirak etdi.
Məclisin tövsiyələri əsasən qızlarda artıq çəki ilə mübarizəyə əsaslanmışdı. Qızlara bədən tərbiyəsi ilə məşğul olmağa yalnız bəzi məktəblərdə və yalnız qadın müəllimələr tərəfindən tədris edildiyi halda icazə verilib.
Amma lazımi sayda qadın müəllimələrinin hazırlanması məsələsi hələ də həll edilməmiş qalıb.
İdman dərslərinin keçirilməsi təklifinə nüfuzlu dindarlar çıxış ediblər.
“Bu, qızlarımızın pozğun və xəyanətkar həyat yoldaşı olmasına gətirib çıxaracaq”, - deyə konservator molla Abdulla al-Daud bəyan edib. Din xadimləri təklif qəbul edilərsə kütləvi şəkildə dini orqanlardan istefa verəcəkləri barədə xəbərdarlıq belə ediblər.