Hindistan hakimiyyəti Benqal körfəzində batan, Panama bayrağı altında üzən "MV Ocean Winner" quru yük gəmisinə məxsus qəza mayakı və xilasetmə qayığı aşkar edib. Lakin qayığın içərisində sağ qalan olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Hindistan Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Xilasetmə qayığının aşkar edildiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hazırda quru yük gəmisinin itkin düşmüş hesab edilən 22 ekipaj üzvü axtarılır. Əməliyyata Hindistan Sahil Mühafizəsinin və Hərbi Dəniz Qüvvələrinin əlavə qüvvələri cəlb olunub.
Panama bayrağı altında üzən yük gəmisi avqustun 22-də Benqal körfəzində batıb. Gəminin göyərtəsində 24 ekipaj üzvü olub: 20 Çin, üç Myanma və bir Banqladeş vətəndaşı.
İki Çin vətəndaşı xilasetmə salından xilas edilib. Gəmi Hindistanın Odişa ştatından dəmir filizi yükü ilə Sinqapura gedirmiş.