Bolqarıstanda etiraz aksiyasının iştirakçıları Sofiya şəhərinin mərkəzində nəqliyyatın hərəkətinə maneə yaradıblar.
“RİA Novosti” xəbər verir ki, onlar bu gün hökumətə etimadsızlıq votumu ilə bağlı debatın başlanacağı parlamentin binasını mühasirəyə alıblar.
Etirazçılar paytaxtın əsas magistral yollarından biri olan Çar-Qurtuluş bulvarı boyunca irəliləyərək, nəqliyyatın hərəkətinin dayanmasına səbəb olublar.
Aksiya iştirakçıları polis tərəfindən qorunan parlamentə yaxınlaşmağa çalışırlar. Hələlik binanın qarşısında vəziyyət sakitdir.
Etirazlar “Xalq Məclisinin işğalı. Hamınız rədd olun” şüarı altında keçirilir. Bundan əvvəl bir sıra fəallar sosial şəbəkələrdə vətəndaş itaətsizliyinə, stansiyaları və hava limanlarını bağlamağa çağırışlar etmişdilər.
Bolqarıstanda iyulun 9-dan Sofiyada başlanan etirazların səbəbi kimi prezidentin təhlükəsizlik və hüquq məsələləri üzrə müşavirlərinin həbsi göstərilir. Müşavirlər dövlət sirrinin açılması və şəxsi mənfəət naminə vəzifədən sui-istifadə ilə əlaqəli olaraq tutulublar.