Vaşinqton rusiyalı siyasətçi Boris Nemtsovun qətlini pisləyib.
“ABŞ prezidenti: Birləşmiş ştatlar Boris Nemtsovun dəhşətli qətlini pisləyir”.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi tvitterində deyilir.
“Biz Rusiya hökumətini tez, qərəzsiz və şəffaf istintaq aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.
09:56
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, müxalifətçi Boris Nemtsovun qətli sifariş və təxribat xarakteri daşıyır.
Rusiyanın baş naziri Dmitri Medvedev öz növbəsində Nemtsovun qətlinin üstünün açılması üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib ki, “Putin qeyd edib ki, bu dəhşətli qətl sifarişlidir və sırf təxribat xarakteri daşıyır”.
Onun sözlərinə görə, dövlət başçısı RF-nin Tədqiqat Komitəsi, DİN və Federal Təhlükəsizlik Xidmətinə istintaq qrupu yaratmağa və istintaqın gedişini nəzarətdə saxlamağa çağırıb.
“RF prezidenti faciəvi şəkildə ölmüş Boris Nemtsovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”, -Peskov əlavə edib.
02:48
Rusiyanın tanınmış siyasətçisi, hazırda müxalifət liderlərindən biri olan Boris Nemtsov qətlə yetirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gecə 23:40 radələrində baş verib.
Moskvanın mərkəzində, küçədə ağ avtomobildən Boris Nemtsova dörd dəfə atəş açıblar. Kürək nahiyyəsindən aldığı yaralardan Boris Nemtsov hadisə yerində keçinib.
Hazırda Moskva Baş Polis İdarəsinin rəisi və hüquq-mühafizə orqanlarının əmkdaşları hadisə yerindədirlər.