"Rusiya ordusu 2022-ci ilin fevralında Kiyevi bombalamağa başlayanda, bu xoşagəlməz reallığa oyandıq və özümüzü hazırlıqsız vəziyyətdə gördük. Oyandıq və sonra başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik".
Oxu.Az-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Vaşinqtonda NATO-nun 75-ci ildönümü çərçivəsində Aİ-nin müdafiəsinə həsr edilən gecədə çıxışı zamanı deyib.
O, NATO yarandığı vaxtdan bəri dünyada baş verən qlobal hadisələrdən danışıb və tarixin təkrarlandığını vurğulayıb:
"75 il əvvəl Sovet İttifaqı Avropada azadlıq və demokratiya üçün təhlükə kimi ortaya çıxdı. Biz buna birlik və güclə cavab verdik. Bu gün edə biləcəyimiz yeganə şey eyni yolu izləməkdir.
Mən burada - Vaşinqtonda deməkdən məmnunam ki, biz avropalılar müdafiə imkanlarımızı yenidən qurmağa, müdafiə büdcələrimizi artırmağa və müdafiə sənayemizi inkişaf etdirməyə, daha güclü potensial yaratmağa başlamışıq. Sadəcə bir nümunə, bir rəqəm: Son üç ildə Avropada ümumi müdafiə xərcləri 30%-dən çox artıb. Bu il biz təxminən - orta hesabla 2%-ə (AB ÜDM-in) çatacağıq. Bu kifayət deyil, amma çox yaxşıdır və artmaqdadır. Bizim üçün bu, strateji məsuliyyət məsələsidir. Bilirik, tam şüurlu şəkildə anlayırıq, əminik ki, özümüzü müdafiə etmək üçün ordularımızın, müdafiəmizin potensialını artırmalıyıq".
Borrel vurğulayıb ki, Avropanın ərazi müdafiəsi üçün NATO-nun alternativi yoxdur.
"Son beş ildə çox iş görülüb. Əvvəllər ağlasığmaz görünən bəzi şeylər reallığa çevrilib. Məsələn, müharibədə olan ölkəyə hərbi avadanlıq təmin etmək - əvvəllər heç vaxt etmədiyimiz bir şeydir. Bizim üçün, hərbi ittifaq olmayan Avropa İttifaqı üçün - baxmayaraq ki, biz Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti qurmaq istəyirik - bu inqilabi idi.
Mən həmişə xatırlayacağam, müharibənin başlamasına iki həftə qalmış Donbasda idim. Ukrayna Baş naziri Denis Şmıqalla görüşürdüm və o mənə dedi ki, Rusiya bizə hücum edəndə - çünki onlar hücum edəcəklər - siz gənc insanlarınızı Kiyevdə döyüşməyə göndərməyəcəksiniz. Amma siz bizə müqavimət göstərməyə kömək edəcəksinizmi? Siz bizə ölkəmizi müdafiə etmək üçün lazım olan silahları verəcəksinizmi? O zaman mən ona konkret cavab verə bilmədim - əmin deyildim. Amma xoşbəxtlikdən, biz bunu etdik", - deyə Borrel vurğulayıb.
Rəylər