Braziliyada polis fırıldaqçılara qarşı genişmiqyaslı əməliyyat zamanı kif izlərini silmək üçün yuyulmuş əsginaslar aşkar edib.
Oxu.Az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.
"Bəzən "çirkli pulların yuyulması" anlayışını həqiqi mənada başa düşmək lazımdır. Bu həftə Braziliyanın Joinvil şəhərində polis beynəlxalq fırıldaqçılar şəbəkəsini aradan qaldırıb, onlardan nağd şəklində 400 mindən çox real (təxminən 65 min avro), həmçinin tapança və bir neçə avtomobil müsadirə edilib. 22 yaşlı bir kişi qanunsuz silah saxladığına görə həbs edilib" , - deyə məlumatda bildirilir.
Polisin məlumatına görə, cinayətkarlar pulu o qədər uzun müddət gizlədiblər ki, gizli yerdəki əsginaslar kiflənib. Şübhəlilərin nağd pulu təmizləməyə çalışdıqları iddia edilir. Cinayətkarların əsginasları əllə yaxud paltaryuyan maşınla yuyub-yumadıqları məlum deyil. Onlar bundan sonra əsginasları quruducuda asıblar, pulların quruması üçün onları duş otağında qoyublar.
Ümumilikdə polis 14 axtarış keçirib və səkkiz bank hesabını dondurub. Dəstə təqribən 10 milyon real dəyərində (təxminən 1.6 milyon avro) əmlakı - əsasən ev və avtomobillər vasitəsilə - "yuyub".
