“The Guardian” və “The Telegraph” Britaniya nəşrlərinin müxbirləri Şon Uoker və Roland Olifant rus texnikasının Ukrayna sərhəddini keçdiyini xəbər veriblər, bu, “İzvarino” keçid məntəqəsində baş verib.
Oxu.Az RBK-yə istinadən xəbər verir ki, “The Telegraph”-ın müxbiri Olifantın məlumatında, bu Rusiya zirehli texnikasının sərhəddi keçməsinin Qərb jurnalistləri tərəfindən ilk dəfə qeydə alındığı bildirilib. Hər iki müxbir sərhəddi keçən 23 Rusiya zirehli texnikasının yanacaq dolu maşınları müşayiət etdiyini də deyib. Qeyd edilir ki, Rusiya zirehli texnikası Ukrayna ilə sərhəddi tikanlı məftil olan hissədən keçib.
Bu məlumatın rəsmi təsdiqi və ya təkzibi yoxdur.
Ukraynanın cənub-şərqində qərargah rəisi Vladislav Seleznyov “İnterfaks-Ukraina” agentliyinə bəyan edib ki, qərargahın Rusiya hərbi texnikasından ibarət karvanının sərhədi keçməsinə dair hələ heç bir məlumatı yoxdur. Seleznyovun sözlərinə görə, bu barədə məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yoxlayır.
Daha öncə The New Times hadisə yerindən xəbər verib ki, Rusiya zirehli texnikasından, hərbi piyada maşınlarından, artilleriya daşıyan hərbi yük maşınlarından ibarət karvan Ukrayna sərhəddinə doğru irəliləyirdi.
Xatırladaq ki, avqustun 14-də 280 yük maşını Rusiya humanitar yardımı ilə Rostov vilayətinə, “İzvarino” keçid məntəqəsinə gəlib. Ukrayna tərəfi israr edir ki, Rusiya humanitar yardımının çatdırılması ilə mütləq Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olmalıdır.