Böyük Britaniyada beql, buldoq, taksa və çihuahua da daxil olmaqla, 67 it cinsinin yetişdirilməsinin məhdudlaşdırılması təklif olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Express" yazıb.
Heyvanların müdafiəsi ilə məşğul olan PETA təşkilatı ekstremal xarici xüsusiyyətlərin əldə edilməsi məqsədilə aparılan seleksiya nəticəsində yaranan irsi xəstəliklərlə əlaqədar belə bir təşəbbüslə çıxış edib.
Heyvan hüquqları müdafiəçiləri, xüsusilə, qısaburunlu itlərə - mops və fransız buldoqu kimi braksefal cinslərə diqqət çəkirlər. Bu itlərdə tez-tez tənəffüs problemləri və fiziki yüklənməyə dözümlülüyün azalması müşahidə olunur.
Lakin problemlər digər cinslərdə də özünü göstərir. Məsələn, kavaler-kinq-çarlz-spaniellərdə beyin ölçüsünün kəllə həcminə uyğun gəlməməsi ilə əlaqəli sirinqomieliya xroniki ağrılara səbəb ola bilər. Taksa itləri isə uzun bədən quruluşu və qısa ayaqları səbəbindən fəqərəarası disk xəstəliklərinin yaranması baxımından yüksək risk altındadırlar. Ağır hallarda bu xəstəlik iflicə gətirib çıxara bilər. Oxşar oynaq problemləri uels korgilərində də müşahidə olunur.
Nəşrin məlumatına görə, təklif olunan tədbirlər bu cinslərin saxlanılmasına tam qadağa qoyulmasını nəzərdə tutmur. Məqsəd itlərin sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün onların yetişdirilməsinə yanaşmanı dəyişməkdir.
Hazırda Böyük Britaniyada beş it cinsinin saxlanılmasına qadağa qüvvədədir. Siyahıya pitbulteryer və yapon tosa-inu kimi cinslər daxildir. Bununla yanaşı, heyvanlar qadağan olunmuş cinslərə xarici görünüş baxımından oxşarlığına görə də müsadirə edilə bilər.