Böyük Britaniya məhkəməsi illərlə malikanəsinin zirzəmisində qadınlara işgəncə verən və onları zorlayan milyonçu Kevin Butun ölkəni tərk etməsinə icazə verməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Keçmiş müəllim olan 65 yaşlı Kevin But 2025-ci ilin noyabrında həbs edilib. Araşdırmalara hələ 2019-cu ildə, onun Şotlandiyadakı malikanəsində çalışan qadınların silsilə şikayətlərindən sonra başlanılmışdı. Zərərçəkənlərin sözlərinə görə, But zirzəmidə xüsusi kamera quraraq orada onları döyüb, işgəncə verib və zorlayıb. Çox vaxt o, həssas vəziyyətdə olan əcnəbi qadınları işə dəvət edirmiş.
Həmçinin məlum olub ki, But qadınlara qarşı etdiyi zorakılıqları videoya çəkib. Xüsusilə, rəsmilərin ixtiyarında milyonçunun onun yanında işləyən qızı döydüyünü əks etdirən 18 dəqiqəlik kadrlar var.
Məlumata görə, o, 1998-ci ildən 2022-ci ilə qədər qadınlara qarşı zorakılıq edib. Bu yaxınlarda o, Böyük Britaniyanı tərk etmək qadağasının aradan qaldırılması üçün vəsatət qaldırsa da, rədd cavabı alıb. Milyonçuya qarşı 21 epizod üzrə ittiham irəli sürülüb. İttiham siyahısında digər cinayətlərlə yanaşı, səkkiz zorlama halı da yer alır.
Xəbərdə bildirilir ki, 1990-cı illərin əvvəllərində Kevin But və həyat yoldaşı özəl məktəbə sahib olublar. Həmin şəxs uşaqları qırmanc və əsa ilə döyməkdə bir neçə dəfə günahlandırılıb. Daha sonra o, müəllimlik fəaliyyətini dayandıraraq at yarışlarına mərclər etməyə başlayıb və varlanıb. Hesab olunur ki, bundan sonra o, Şotlandiyadakı malikanəsində qadınları zorlamağa başlayıb. 2002-ci ildə bir qadın işçinin şikayətindən sonra o, iki il müddətinə azadlıqdan məhrum edilib. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.