YENİ Partiya sədri Özgür Özel cinsi zorakılıq, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan Mustafa Sarıgülün bəyanatlarına münasibət bildirərək onun artıq partiyanın üzvü olmadığını açıqlayıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Özelin sözlərinə görə, Sarıgül partiya rəhbərliyinə müraciət edərək üzvlüyünün müvəqqəti dayandırılmasını xahiş edib. Lakin Türkiyənin siyasi partiyalar haqqında qanununda belə bir prosedur nəzərdə tutulmadığından, onun müraciəti istefa kimi qiymətləndirilib. Bu barədə bildiriş Türkiyə Ali Məhkəməsi yanında Baş Prokurorluğuna göndərilib.
Özəl bildirib ki, bazar ertəsi günü Sarıgüllə görüşüb. Onun sözlərinə görə, müzakirə olunan ittihamlar həm deputatın özünə, həm də partiyaya zərər vurur, lakin intizam tədbirlərinin tətbiqi üçün sübutlar tələb olunur.
O həmçinin qeyd edib ki, Sarıgül ittihamları rədd edərək özünə qarşı ədalətsiz münasibət göstərildiyini bəyan edib. Özəlin dediyinə görə, deputat baş verənlər barədə emosional şəkildə danışıb və göz yaşlarını saxlaya bilməyib.
Partiya sədri vurğulayıb ki, yekun nəticələri istintaq materiallarının məxfiliyinin aradan qaldırılmasından və işin bütün hallarının müəyyənləşdirilməsindən sonra çıxarmaq mümkün olacaq. O əlavə edib ki, əgər ciddi ittihamlar təsdiqlənərsə, partiya Sarıgülü müdafiə edə bilməyəcək.