Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda xüsusi əməliyyatın başa çatdırıldığını elan edib.
Oxu.Az xəbər verir ki, əməliyyat zamanı doqquz yaraqlı məhv edilib.
“Xüsusi əməliyyat başa çatıb, bizdə doqquz meyit (yaraqlı) var” - Kadırov bəyan edib, İnterfaks xəbər verir.
“Qroznıda sakitçilikdir”, - Kadırovun mətbuat katibi Alvi Kərimov RBK-yə bildirib.
20 saylı məktəbin yaxınlığındakı binada olan jurnalist Milana Mazayeva bildirib ki, hal-hazırda partlayış və atəş dayandırılıb.
Atışma bir neçə saat davam edib, təxminən 13:50-də sakitləşib.
Onun sözlərinə görə, Qroznı sakinləri arasında panika yoxdur.
“Hamı evində oturub, az adam işə gedib, amma insanlar panikaya düşməyiblər”, - o deyib.
Məktəbdə atışmanın dayanmasını “Kavkazskaya politika”nın da müxbiri xəbər verib.
“Mən ələ keçirilmiş məktəbin 500 metriliyindəyəm. Atışma dayanıb, amma o hələ də mühasirədədir, ona yaxınlaşmaq mümkün deyil”, - deputatın yardımçısı RBK-yə bildirib.
Əməliyyat zamanı Milli antiterror komitəsinin məlumatına görə on hüquq mühafizə orqanı əməkdaşı həlak olub, 28 nəfər yaralanıb. Mülki vətəndaşlar arasında həlak olanlar barədə məlumat yoxdur.
10:51
Çeçenistanın rəhbəri Ramzan Kadırov bəyan edib ki, Qroznının mərkəzində məktəblərin birində yaraqlılar qrupu mühasirəyə alınıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“İndi onlar mühasirədədirlər. Onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirilir”, - Kadırov qeyd edib.
Daha öncə Çeçenistanın paytaxtında Nəşr evində yeddi yaraqlı zərərsizləşdirilib, operativ məlumata görə onlar respublikada iri terror aktları həyata keçirməyə hazırlaşırdılar.
Qeyd edək ki, dünən gecə Qroznıda güclü partlayışdan sonra atışmalar başlayıb.
“Dojd” telekanalına şahidlərdən biri Moskva vaxtı ilə 23:30-da partlayış və qışqırıq səsləri eşitdiyini danışıb.
Təxminən 20 dəqiqə vaxt keçdikdən sonra isə ilk atəş səsləri eşidilib. Sonra isə atışma fasilələrlə davam edib. Onun sözlərinə görə, 9 saylı şəhər xəstəxanasında çoxlu sayda meyit olub.
İlkin məlumata görə YPX avtomobili partladılıb.