Çexiya Respublikasının İsraildəki səfirliyinin Qüds nümayəndəliyinin rəhbəri Klara Şnayderova Qüds şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Çexiyanın Təl-Əvivdə yerləşən səfirliyinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında xəbər verilib.
İsrailin "i24news" telekanalının xəbərinə görə, diplomatı Qüds şəhərində Aqripa küçəsində mikroavtobus vurub. Məlumata əsasən, sükan arxasında olan şəxs idarəetməni itirərək maşını səkiyə sürüb, piyadanı vurduqdan sonra mağazaya çırpılıb.
Ağır yaralanan qadın dərhal tibb mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Mətbuat nümayəndələri qəzanı törədən sürücünün polis tərəfindən saxlanıldığını qeyd edirlər.
İsrailin xarici siyasət idarəsinin rəhbəri Gideon Saar mərhumun ailə üzvlərinə, yaxınlarına və Çexiyanın diplomatik nümayəndəliyinə dərin hüznlə başsağlığı verib. Nazir K.Şnayderovanı "peşəsinə sadiq mükəmməl diplomat və İsrail dövlətinin səmimi dostu" adlandırıb.