“Liberation” qəzeti çərşənbə günü “Charlie Hebdo” satirik jurnalında çap edilən Parisdə noyabrın 13-də baş verən terror aktlarına həsr edilmiş karikaturanın üz qabığını dərc edib.
Oxu.Az tvrain.ru-ya istinadən xəbər verir ki, “Charlie Hebdo”nun yeni nömrəsi noyabrın 18-də çıxacaq.
Üz qabığında şampan şərabı içən gənc adam təsvir edilib, şərab onun bədənindəki dəliklərdən tökülür. Şəklə verilən şərhdə isə “Onların silahı var. Bizim vecimizə də deyil. Bizim şampan şərabımız var” yazılıb.
“Biz yanvar hücumundan sonra yeni hücumların olacağını gözləyirik. Biz sakit gözləyirdik, bu bizim başımızın üstündə asılan Domokl qılıncı kimi idi”, - rəssam, direktor Lorent Surizenin sözlərindən sitat gətirilir (o, Riss təxəllüsü ilə imzalayır).
Noyabrın 16-da jurnalın saytında terror aktlarına həsr edilən ilk karikatura çıxıb. Şəkildə başında beret, qoltuğunda fransız çörəyi baget olan kabus təsvir edilib. Şəklə verilən şərhdə isə “Fransızlar adi həyata qayıdırlar” yazılıb.
