ABŞ-nin Delaver ştatında polis ölkənin sabiq birinci xanımı Cill Baydenin keçmiş əri 77 yaşlı Uilyam Stivensonu həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
O, həyat yoldaşı Linda Stivensonun qətlində ittiham olunur. U.Stivenson 500 000 dollar girovu ödəyə bilmədiyi üçün hazırda təcridxanada saxlanılır.
Qeyd olunub ki, sözügedən cinayət dekabrın 28-də baş verib. Həmin gün cütlük mübahisə edib. Qonşular polisə zəng ediblər və asayiş keşikçiləri hadisə yerində çatanda, 64 yaşlı Linda Stivensonu yerdə hərəkətsiz vəziyyətdə tapıblar. Qadının həyatını xilas etmək mümkün olmayıb.
Uilyam Stivenson və Cill Bayden 1970-ci ildə, 18 yaşında ikən evlənib və beş il evli olublar. 1975-ci ildə qadın o vaxtlar Delaver ştatından senator olan Co Baydenlə tanış olub və boşanma üçün ərizə verib.
Cill və Co Baydenin nümayəndələri hələlik Stivensona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməyiblər.