Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Administrasiyası münaqişənin inkişafına nəzarəti itirməkdən ehtiyat edərək, İsrailin İranla hərbi əməliyyatların yeni mərhələsində iştirak etməsini istəmir.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı iki İsrail mənbəsinə istinadən məlumat verib.
Telekanalın həmsöhbətlərindən birinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Amerika zərbələrinə qoşulmaq istərdi, lakin Vaşinqton hazırda İsrailin hərbi əməliyyatlara cəlb olunmasının əleyhinə çıxış edir. Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Digər tərəfdən, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl bildirib ki, İsrail Müdafiə Ordusu zərurət yaranarsa, İrana qarşı hərbi əməliyyatı müstəqil şəkildə bərpa etməyə hazırdır. Digər mənbənin verdiyi məlumatına görə, İsraildə hesab edirlər ki, Tramp tammiqyaslı müharibəyə qayıtmaqda maraqlı deyil və ən sərt tədbir kimi yalnız İran limanlarının dəniz blokadasının bərpasına razılaşa bilər.