İyunun 14-də ABŞ Prezidenti Donald Trampın 80 yaşı tamam olur. Bir çoxları üçün onun adı ilk növbədə siyasətlə əlaqələndirilsə də, o, 2016-cı il prezident seçkisi kampaniyasından onilliklər əvvəl ABŞ-də tanınmış simalardan biri idi.
Oxu.Az xəbər verir ki, NEWS.ru Donald Trampın siyasətə qədərki fəaliyyəti və Ağ Evə gedən yolu ilə bağlı material hazırlayıb.
Ailə biznesindən böyük siyasətə
Donald Tramp 1946-cı ildə Nyu-Yorkun Kuins rayonunda, yaşayış daşınmaz əmlakının tikintisi və idarə olunması ilə məşğul olan sahibkar Fred Trampın ailəsində anadan olub. Pensilvaniya Universitetinin nəzdində fəaliyyət göstərən Uorton Biznes Məktəbini bitirdikdən sonra ailə şirkətində işləməyə başlayıb.
1970-ci illərdə isə sonradan "Trump Organization" adı ilə tanınan şirkətlər qrupunun rəhbərliyini üzərinə götürüb.
Daşınmaz əmlakdan dünya brendinə
1970-1980-ci illərdə Tramp Manhettendə iri layihələr həyata keçirməyə başlayıb. Onun adı təkcə tikinti sektoru ilə deyil, həm də dəbdəbəli daşınmaz əmlak və fərqli dizayn konsepsiyası ilə əlaqələndirilib.
Zaman keçdikcə "Trump" soyadı qlobal kommersiya brendinə çevrilib. Bu ad altında hotellər, ofis binaları, qolf klubları və digər layihələr yaradılıb.
Kazino biznesi və maliyyə çətinlikləri
Trampın biznes fəaliyyətinin ən diqqətçəkən istiqamətlərindən biri kazino və hotel layihələri olub.
XX əsrin sonlarında o, Atlantik-Siti şəhərindəki obyektlərini sürətlə genişləndirirdi. Lakin bu dövr maliyyə çətinlikləri ilə də yadda qalıb. "Britannica" və "History"nin məlumatına görə, onun kazino biznesi ilə bağlı bəzi şirkətləri müflisləşmə prosedurundan keçib. Belə ki, 2004-cü ildə "Trump Hotels & Casino Resorts", 2009-cu ildə isə "Trump Entertainment Resorts" bu proseslə üzləşib.
Televiziya onu bütün Amerikaya tanıtdı
Nyu-Yorkda Trampı əvvəllər uğurlu daşınmaz əmlak sahibkarı kimi tanıyırdılarsa, ümummilli şöhrəti ona televiziya qazandırıb.
2004-cü ildə NBC kanalında yayımlanan "The Apprentice" ("Namizəd") realiti-şousu böyük populyarlıq qazanıb. Verilişdə iştirakçılar müxtəlif biznes tapşırıqlarını yerinə yetirir və Trampın şirkətlərində işləmək imkanı uğrunda mübarizə aparırdılar.
Onun məşhur "You're fired" ("Siz qovuldunuz") ifadəsi həmin dövrün ən tanınmış televiziya replikalarından birinə çevrilib.
"Britannica"nın məlumatına görə, şou 10 ildən artıq yayımlanıb və Trampa təxminən 200 milyon dollar gəlir qazandırıb. Daha sonra tanınmış şəxslərin iştirakı ilə "The Celebrity Apprentice" layihəsi də ərsəyə gətirilib.
Gözəllik müsabiqələri, kitablar və kino
1996-2015-ci illərdə Tramp "Miss Universe", "Miss USA" və "Miss Teen USA" gözəllik müsabiqələrinin pay sahiblərindən biri olub.
Bundan başqa, o, bir sıra kitabların müəllifidir. Onların arasında ən məşhuru 1987-ci ildə nəşr olunan "The Art of the Deal" ("Müqavilə bağlamaq sənəti") kitabıdır. Bu əsər öz dövrünün ən məşhur biznes bestsellerlərindən biri hesab olunur.
Tramp eyni zamanda filmlərdə epizodik rollara çəkilib, müxtəlif teleşoularda iştirak edib və siyasətə gəlməzdən çox əvvəl ABŞ-nin ən tanınmış ictimai simalarından biri kimi məşhurlaşıb.