Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri, son zamanlar ermənilərin əleyhinə fikirlər səsləndirən Etyen Maxçupyan bəyan edib ki, 1915-ci ildə baş verənlər “soyqırım”dır.
Oxu.Az Haberler.com saytına istinadla xəbər verir ki, bu barədə Maxçupyan Londonda “Dəyişikliyi anlama: Türkiyədə Ədalət və İnkişaf Partiyasının dövrü” mövzusunda keçirilən dəyirmi masada deyib.
O, Belçikada dediyi “əslən erməni olsam da, özümü daha çox osmanlı hesab edirəm” fikrini təkrar edib.
“Mən millətçi deyiləm, lakin 1915-ci ildə baş verənləri mən çıxışlarımda “soyqırım” adlandırıram.
Hesab edirəm ki, bu, “soyqırım” olub, belə ki, soyqırımın dəqiq formulu var və baş verənlər bu formula tam uyğundur. Formulu dəyişsək, bu, soyqırım kimi tanına biıməz. Ola bilsin ki, məni bir çoxları anlamasın. Soyqırım – tarixi formula deyil, hüquqi termindir”, - Maxçupyan deyib.
Qeyd edək ki, martın 27-də Türkiyə KİV-i məlumat yaymışdı ki, Əhməd Davudoğlunun baş müşaviri Etyen Maxçupyan bəyan edib ki, o, erməni olsa da, özünü daha çox osmanlı hesab edir. Bununla belə o deyib ki, ermənilərin onu satqın hesab etmələri onu ümumiyyətlə narahat etmir.
“Axı ermənilər də müxtəlif olur və hər kəsin öz fikri var. Ola bilsin ki, bir çoxları məni məhz belə qəbul edir, lakin bunun heç bir əhəmiyyəti yoxdur”, - o deyib.