Britaniyalı rəssam Devid Hokni 88 yaşında London şəhərindəki evində dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Həm XX, həm də XXI əsrin müasir incəsənətində ən mühüm şəxsiyyətlərdən biri olan məşhur britaniyalı rəssam Devid Hokni 89 yaşının tamam olmasına bir ay qalmış, 2026-cı il iyunun 11-də evində dinc şəkildə həyatla vidalaşıb", - deyə açıqlamada qeyd olunub. Bildirilib ki, Hokni Böyük Britaniya müasir incəsənətinin əsas simalarından və pop-art cərəyanının ən tanınmış nümayəndələrindən biri hesab olunur. O, 1960-cı illərdə geniş populyarlıq qazanıb.
2018-ci ildə onun "Rəssamın portreti (İkifiqurlu hovuz)" adlı rəsmi Nyu-Yorkda keçirilən hərracda 90 milyon dollara satılıb ki, bu da sağ olan rəssamın əsəri üçün rekord məbləğ idi.
Karyerası ərzində Hokni 400-dən çox fərdi sərgi təşkil edib və rəngkarlıq, qrafika, fotoqrafiya, eləcə də rəqəmsal incəsənət kimi müxtəlif texnikalarda fəaliyyət göstərib. Son illərdə o, yeni əsərlərini yaratmaq üçün planşet və "iPad"lərdən aktiv şəkildə istifadə edirdi.
Onun yaradıcılığının böyük bir qismi təxminən 40 il yaşadığı Kaliforniyadakı həyatından ilhamlanıb. Məhz orada sonradan müasir incəsənətin ən çox tanınan obrazlarına çevrilən məşhur hovuz rəsmləri ərsəyə gəlib.
Qeyd edək ki, Devid Hokni 1937-ci il iyulun 9-da İngiltərənin Bredford şəhərində, mühasib Kennet Hokni və Lora Hokninin ailəsində anadan olub. O, beş uşaqdan dördüncüsü idi. Rəssam ömrünün çox hissəsini ABŞ-də, əsasən də Los-Ancelesdə keçirib. Ömrünün son illərində isə o, Böyük Britaniya və Fransada yaşayıb.