Noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə Yaxın Şərqdəki münaqişənin və Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi ehtimal olunur.
Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, görüşdə ABŞ Prezidenti Donald Trampla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.
Onun sözlərinə görə, Rusiya, ABŞ və Çin liderlərinin görüşündə dünyada baş verən qlobal proseslərin, xüsusilə Ukraynadakı müharibənin və Yaxın Şərqdəki böhranın müzakirə olunacağı, müəyyən razılaşmaların əldə ediləcəyi gözlənilir.

"Bu gözləntilər əsassız deyil. Nəzərə alaq ki, Donald Tramp özünü sülhyaradıcı lider kimi təqdim edir. Lakin onun hakimiyyətə gəlməsindən sonra kifayət qədər problemlər yaranıb, kataklizmlərin genişləndiyinin şahidi olmuşuq. Yaxın Şərqdə, eləcə də Rusiya-Ukrayna müharibəsində onun atdığı addımlar və etdiyi manevrlər nəticəsində müharibənin daha da genişlənməsi, razılaşmanın isə getdikcə əlçatmaz görünməsi proseslərin nə qədər gərgin olduğunu göstərir.
Düzdür, ABŞ rəhbərliyinin yanaşmasının da bu proseslərə təsiri var. Hər bir halda, vəziyyət gərgindir və Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxış yolu tapmaq mümkün olmur. ABŞ-nin Yaxın Şərqdə baş verən proseslərdən çıxış yolu tapmaq imkanları da məhduddur.
Düşünürəm ki, bu görüş ABŞ-nin mövqeyinin kifayət qədər zəif olduğu bir dövrdə keçiriləcək. Həm Çin, həm də Rusiya yaranmış vəziyyətdən istifadə etməyə çalışacaq. Görüşdə Vaşinqtonun Yaxın Şərqdə atdığı addımların pislənməsi, hətta Rusiya və Çin liderlərinin bu addımlara görə ABŞ-ni müəyyən mənada ittiham etməsi də mümkündür".
Ekspertin sözlərinə görə, əsas müzakirələr qapalı şəkildə aparılacaq:
"Biz bu müzakirələrin real gedişini görə bilməyəcəyik. Görüşün nəticələrindən hansı məsələlərin müzakirə edildiyini anlayacağıq. Hesab etmirəm ki, görüşdən dərhal sonra onun müsbət nəticələrini Rusiya-Ukrayna cəbhəsində və Yaxın Şərqdə görə biləcəyik. Bununla belə, görüşdən sonra müəyyən addımların atılmasının şahidi ola bilərik.
Bu, o qədər mürəkkəb prosesdir ki, bir görüşlə həllini tapa bilməz. Belə görüşlərin davamlı keçirilməsinə ehtiyac var. Ola bilər ki, liderlərin görüşündən sonra digər səviyyələrdə də danışıqlar aparılsın. Yaxud Rusiya, Ukrayna və ABŞ arasında, həmçinin Yaxın Şərqdə İran-ABŞ formatında ayrı-ayrı görüşlər keçirilsin.
Nəzərə alaq ki, Donald Trampın mövqeyi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə xeyli zəifləyib. Bu görüş ABŞ-də aralıq seçkilərindən sonra keçiriləcək. Hər bir halda, dünyanın bölüşdürülməsi kontekstində baş tutacaq bu müzakirələrdə müəyyən razılaşmaların əldə olunması gözlənilir.
Təbii ki, razılaşmaların əldə edilməsi daha yaxşı olardı. Çünki dünyada ciddi silkələnmələr baş verir və bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Ümid edək ki, liderlər bu görüşdə müəyyən addımların atılması ilə bağlı yol xəritəsi cıza biləcəklər".