Edinburqda bıçaq və balta ilə silahlanmış şəxs tərəfindən törədilən hücumla bağlı terror elementi ilə müşayiət olunan beş qəsdən adam öldürməyə cəhd epizodu üzrə ittiham irəli sürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC Edinburq Şerif Məhkəməsində keçirilən iclasın yekunlarına istinadən məlumat yayıb.
Bildirilib ki, 36 yaşlı Lyuis Houksa həmçinin hücum və quldurluq, ictimai asayişin pozulması, eləcə də cinayətkar və ehtiyatsız davranış maddələri üzrə ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxs ittihamlarla bağlı heç bir ifadə verməyib. O, həbsdə saxlanılıb. Növbəti məhkəmə iclasının səkkiz gün sonra keçiriləcəyi bildirilib.
Hadisə iyunun 19-da axşam saatlarında baş verib. Yerli vaxtla təxminən saat 20:50-də (Bakı vaxtı ilə 23:50) polisə Edinburqun qərb hissəsində yerləşən məscidin yaxınlığında baş vermiş hücum nəticəsində iki nəfərin yaralanması barədə məlumat daxil olub.
Daha sonra üstüaçıq vəziyyətdə olan kişi daha üç nəfərə hücum edib. Hücumlardan biri daşınmaz əmlak agentliyinin yaxınlığında qeydə alınıb. Bundan başqa, o, yanacaqdoldurma məntəqələrində bir neçə avtomobilə ziyan vurub, mağazalardan birini dağıdıb, həmçinin ilk hadisə yerindən bir neçə kilometr aralıda yerləşən pitsseriyanın qapısını sındırıb.
Polisin məlumatına görə, yaşı 22-dən 39-dək olan zərərçəkənlərin həyatları üçün təhlükə yoxdur.
Hadisənin araşdırılmasına antiterror bölməsi də cəlb olunub. BBC-nin qeyd etdiyi kimi, hücumun dini nifrət motivi ilə törədildiyi ehtimal olunur.
Nəşrin məlumatına görə, hücum edən şəxs saxlanılarkən "ölkəni müdafiə etdiyini" qışqırıb.