“Sabah Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan - fon der Lyayen - Blinken görüşü Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropanın yolunu tutacağına, yoxsa Rusiya ilə Avropa arasında tarazlıq yaradan qeyri-müəyyən status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək”.
Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.
“Hakim partiya xüsusilə bu görüşün nəticələrini səbirsizliklə gözləyir, bundan sonra Nikol Paşinyanla görüşəcək və son nəticəyə gəlinəcək. Məsələ burasındadır ki, baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə sonuncular növbəti dəfə öz mövqelərini bildiriblər - deyiblər, avantüraya gedib Aİ-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur, çünki iqtisadiyyatımız Rusiyadan çox asılıdır. Rusiyada isə bu “xəyanət”i çətin həzm edirlər. Hətta belə fikirlər səslənirdi ki, bu tam düşünülməmiş Avropa tətbiqi bizə təkcə Zəngəzur dəhlizi deyil, bütün Sünikin (Zəngəzur - red.) hesabına baha başa gələ bilər.
Lakin sonda hökumətyönümlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır. Onlar hətta hesablayıblar ki, Qərb Ermənistana ən azı yeddi-səkkiz il ərzində hər il iki-üç milyard dollar ayırmalıdır ki, Ermənistan iqtisadiyyatını şaxələndirməyə və Rusiyadan ayrılmağa imkan versin. Rusiya regiondan sıxışdırılmalıdır. Yəni bu “xəyanət”in qiyməti var və o da ildə üç milyard dollardır.
Bizə bildirdilər ki, Paşinyan komanda yoldaşlarının narahatlığına cavab olaraq ona belə bir zəmanət verilmədiyini deyib. Bununla belə, baş nazir Vətəndaş Sazişi Partiyasının nümayəndələrinin dar çevrəsinə, görünür, Avropanın ən azı bir milyard dollar məbləğində maliyyə dəstəyi verməyə razı olduğunu pıçıldayıb”, - deyə nəşr yazır.
Rəylər