"Ermənistan Rusiyaya qarşı çıxış etmir, ölkənin əsas məqsədi sadəcə olaraq izolyasiyadan qurtulmaqdır".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu parlamentinin spikeri Ruben Rubinyan mətbuat nümayəndələrinə dəmir yollarının konsessiyası məsələsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, əsas çətinlik Ermənistan dəmir yollarının Rusiya konsessiyasında olması və həmin ölkənin şirkətlərinin isə sanksiyalara məruz qalması ilə bağlıdır. Mövcud vəziyyətdə Ermənistanın tranzit dövlətə çevrilmək şansını itirməsi və nəticədə iqtisadi zərər görməsi riski yaranır. Bununla yanaşı, dəmir yolu infrastrukturunun yenidən qurulmasına və bərpasına ehtiyac var.
Ermənistan parlamentinin spikeri hesab edir ki, Rusiya tərəfi bu cür işləri gəlirli saymadığı üçün onları həyata keçirməkdə o qədər də maraqlı deyil. Bununla belə, Rubinyan İrəvanla Moskva arasında bu mövzunun müzakirə olunmasını müsbət qiymətləndirib və yaxın gələcəkdə uğurlu nəticələrin əldə ediləcəyinə inandığını vurğulayıb.
"Bu, siyasi deyil, iqtisadi məsələdir. Bizim Rusiyaya və ya "Rusiya Dəmir Yolları"na (RDY) qarşı heç bir qərəzimiz yoxdur. Lakin izolyasiyamızla bağlı problemlərimiz mövcuddur və bu vəziyyətdə qalmaq istəmirik. Dəmir yolu təcridindən qurtulmaq və tranzit ölkə olmaq üçün həll yolları tapılmalıdır", - deyə spiker qeyd edib.
Qeyd edək ki, noyabrın 17-də İrəvanda "Cənubi Qafqaz Dəmir Yolu"nun (RDY-nin törəmə müəssisəsi) konsessiyasında olan Ermənistan dəmir yollarının fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək məqsədilə Ermənistan-Rusiya işçi qrupunun ilk görüşü təşkil olunub. İki dövlətin nümayəndələri arasındakı bu müzakirə mətbuatın iştirakı olmadan, qapalı formatda keçirilib. İrəvana səfəri zamanı "Rusiya Dəmir Yolları"nın rəhbəri Oleq Belozyorov bildirmişdi ki, onun ölkəsi Ermənistan hökuməti ilə dialoqa və konsessiya müqaviləsinin səmərəliliyinin birgə qiymətləndirilməsinə açıqdır.