Ermənistanda Sünik (Qərbi Zəngəzur) Tsav kəndində içməli suda metal kütlə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin yerli filialının mütəxəssisləri vətəndaşın evindən su nümunələri götürüblər. Aparılan laborator analizlərin nəticələrinə əsasən, həmin nümunədə civənin miqdarının icazə verilən həddi aşdığı məlum olub.
Qeydə alınan göstəricinin yüksək olması və əvvəlki kimyəvi analizlər zamanı belə halların rast gəlinməməsi nəzərə alınaraq, əlavə olaraq dörd fərqli nöqtədən təkrar su nümunələri toplanılıb.
Sentyabrın 11-də əldə edilən nəticələr yenidən eyni göstəriciləri təsdiqləyib. Əhalinin su təminatının həyata keçirilməsi məqsədilə aşkar edilmiş bu pozuntu barədə bütün aidiyyəti qurumlara rəsmi xəbərdarlıq edilib.
Suyun çirklənmə mənbəyinin və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.