Ermənistanın Milli Rəqabətədavamlılıq Fondu İspaniyanın paytaxtı Madriddə keçiriləcək “Fitur” illik turizm sərgisində iştirak edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ermənistanın 5 turizm şirkətinin iştirak edəcəyi sərginin Ermənistan pavilyonunda Dağlıq Qarabağdakı separatçı rejiminin stendi da təqdim olunacaq.
Azərbaycanın İspaniyadakı səfirliyinin 1-ci katibi Cavid Kazımov bildirib ki, diplomatik missiya bu məsələdən xəbərdardır:
“Sərgiyə baxış keçirmişik. Belə bir stend yoxdur. İndi də sərginin təşkilatçılarından bunun təsdiqini gözləyirik”.
C. Kazımov əlavə edib ki, ermənilər belə bir stendi nümayiş etdirsələr, səfirlik lazımı addımlar atacaq: “Belə hal baş versə, müvafiq yerlərə etiraz notası, məktublar göndərəcəyik və görüşlər keçirəcəyik”.
Azərbaycan səfirliyindən bildiriblər ki, lazımi addımlar atılacaq.
Diplomat qeyd edib ki, bu il “Fitur” sərgisində Azərbaycandan iştirak edən olmayacaq.
Qeyd edək ki, yanvarın 22-26-da Madriddə keçiriləcək turizm sərgisində 167 ölkəni təmsil edən 10 minə yaxın turizm şirkəti qatılacaq.