Ermənistan Müdafiə Nazirliyi (MN) NATO-nun bir sıra ölkələrindən mütəmadi olaraq ixtisaslaşmış məsləhət yardımı alır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İrəvanda NATO-nun Parlament Assambleyasının 108-ci "Rose-Roth" seminarı zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
"Hazırda Ermənistan MN Fransa və ABŞ-dən ixtisaslaşmış məsləhət yardımı alır, Yunanıstan isə bir sıra istiqamətlərdə koordinasiyalı yardım göstərir. Hazırda bu sahədə əsas səylər yeni model və standartlarla strateji sənədlərin işlənib-hazırlanmasına, silahlı qüvvələrin strukturunun və komandanlıq sisteminin modernləşdirilməsinə, təhsil və təlim imkanlarının və digər dövlət sahələrinin inkişafına yönəlib", - Papikyan bildirib.
Ermənistan MN rəhbərinin sözlərinə görə, həmçinin ordunun arsenalını müasir silah və hərbi texnika ilə təchiz etmək üçün də addımlar atılır. O qeyd edib ki, bu, Ermənistan hökumətinin diversifikasiya siyasəti sayəsində mümkün olub.