Qırğızıstanda fahişələrdən küçələri yığışdırmaq üçün istifadə etmək təklif edilib.
Oxu.Az AKİpress-ə istinadən xəbər verir ki, bu təkliflə respublikanın parlamentinin deputatı İrina Karamuşkina çıxış edib.
Deputat qeyd edib ki, milis əməkdaşları reydlər keçirir, onları tuturlar, sonra isə yenidən azadlığa buraxırlar.
“Onları küçələri süpürməyə göndərmək lazımdır”, - deyə deputat bəyan edib.
Parlament hal-hazırda bəzi qanun pozmaları üçün tətbiq edilən inzibati həbsi, ictimai işlərlə əvəz edilməsi haqqında qanun layihəsini nəzərdən keçirir. Onun müəllifi Dastan Bekeşevin izah etdiyi kimi “dövlət həbs edilənləri təmin etməyə məcburdur, bu vətəndaşlar isə öz həbs müddətlərinin sona çatmasını gözləyərkən darıxırlar... Ona görə də onları ictimai işlərə cəlb etmək ideyası yarandı”.
Doğrudur, mövcud qanunvericilikdə fahişəliklə məşğul olanlara bu qaydalar şamil edilməyəcək – ölkədə seks-xidmətləri göstərmək qadağan deyil, ona görə də bu əməl üçün cəza da nəzərdə tutulmayıb.
Parlamentdə bununla əlaqədar qanunlarda dəyişiklik etməyi təklif edirlər. Deputat Irqal Kadıraliyeva bəyan edib ki, fahişələr “təfəkkürə neqativ təsir göstərirlər”. Əvvəllər Qırğızıstanda belə fəaliyyət növü üçün inzibati və ya cinayət məsuliyyəti tətbiq etmək təklif edilmişdi. Amma bu ideya rəsmiləşdirilmədi.
Hal-hazırda seks-xidmətlərinin təqdim edilməsi Qırğızıstanda nə cinayət, nə də administrativ xəta hesab edilir. Cinayət məcəlləsi insanları (həm azyaşlı, eləcə də həddi buluğa çatmış) bu xidməti göstərməyə cəlb etmə və fahişəxanaların saxlanılması üçün məsuliyyətə cəlb etməni nəzərdə tutur.
Qırğızıstan DİN-in məlumatına görə, 950 fahişə qeydiyyata alınıb. Qeyri-rəsmi informasiyaya görə isə respublikada seks-xidmətini beş minə yaxın adam göstərir. Paytaxtda belə biznesin aylıq dövriyyəsi beş milyondan on milyon dollara qədərdir.