Amerikanın Ferqusson şəhərində (Missuri ştatı), yerli sakinlər iki həftədir ki, afroamerikalının qətli ilə əlaqədar etiraz aksiyası keçirdikləri dövrdə polislər 23 yaşlı qaradərili kişini də güllələyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə BBC News bildirib.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, polislər silahdan istifadə etmək məcburiyyətində qalıblar, çünki onlara hücum edənin əlində bıçaq olub. “Şübhəli şəxs zabitlərə dönərək bıçağı çıxarıb və onlara: “Mənə atəş açın, öldürün məni” – deyib”, - məlumatda deyilib.
Ötən gecə ərzində asayişi pozan 31 nəfər həbs edilib.
İkinci gün axşam avqustun 19-da Ferqussonda etiraz aksiyaları başlanandan ilk dəfə Barak Obama şəhər sakinlərinə müraciət edib. O, şəhər sakinlərini sakit olmağa çağırıb və qeyd edib ki, onların qəzəbini anlayır.
Öz növbəsində ABŞ baş prokuroru Erik Holder bəyan edib ki, avqustun 20-də şəhərə gələcək və istintaqla özü məşğul olacaq.
Ferqussonda aksiyalar polis əməkdaşının avqust ayının 9-da qaradərili yeniyetməni qətlə yetirdikdən sonra başlayıb. Polisin sözlərinə görə 18 yaşlı Maykl Braun maşında baş verən mübarizədə bir neçə güllə yarası alıb. Amma şahidlərin sözlərinə görə o, silahsız olub və əllərini qaldıraraq sakit durduğu anda güllələnib.
Nümayişlər şəhərdə polislərlə qarşıdurmaya çevrilib. Avqustun 16-da fövqəladə hal elan olunub. Avqust ayının 18-də Ferqussona ABŞ Milli Qvardiya bölükləri yeridilib. Polis etiraz edənlərə qarşı gözyaşardıcı qaz və tüstü qumbaraları istifadə edib.