Fransa polisi korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində respublikanın mədəniyyət naziri Raşida Datinin mənzillərində və ofisində, həmçinin Parisin 7-ci dairəsinin meriyasında axtarışlar aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Nouvel Obs" jurnalı Fransanın Milli Maliyyə Prokurorluğuna (PNF) istinadən məlumat yayıb.
İstintaq 2025-ci il oktyabrın 14-də "aktiv və passiv korrupsiya, nüfuzdan sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi" faktları üzrə başlanıb. İstintaqın versiyasına görə, Dati 2009-2019-cu illərdə Avropa Parlamentinin deputatı olduğu dövrdə "GDF Suez" şirkətindən 299 min avro məbləğində "qonorar" alıb, lakin bu vəsaitin əldə olunması barədə Avropa Parlamentinə bəyannamə təqdim etməyib.
Qeyd olunur ki, 2021-ci ildə Datinin barəsində daha bir korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə işi açılıb. Bu iş onun 2009-2011-ci illərdə "Renault-Nissan" avtomobil konserninin ovaxtkı rəhbəri Karlos Qona göstərdiyi məsləhət xidmətləri ilə bağlıdır.
İstintaqın versiyasına görə, bu xidmətlərə görə o, "Renault-Nissan" alyansının Niderland filialı vasitəsilə 900 min avro alıb. Müstəntiqlər hesab edirlər ki, o, faktiki olaraq məsləhət fəaliyyəti ilə məşğul olmayıb, əksinə, şirkətin maraqlarını "milli və Avropa siyasi liderləri arasında" lobbiləşdirib. Bu iş üzrə məhkəmə dinləmələrinin 2026-cı ilin sentyabrına planlaşdırıldığı bildirilir.