ABŞ məhkəməsi bal ayını Suriyada keçirmək və İŞİD terror qruplaşmasının sıralarına daxil olmaq istəyən cütlüyü terrorçulara köməklikdə şübhəli bilib.
Bu barədə Oxu.Az CNN-nə istinadən xəbər verir.
Məlumata əsasən, 20 yaşlı Ceylin Delşon Yanq və 22 yaşlı Məhəmməd Oda Daxlalla Kolumbus şəhərinin hava limanında həbs edilib.
Cütlük əvvəlcə Türkiyəyə, oradan isə Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasının sıralarına qatılmaq istədiklərini bildirib.
Gənc ailə FBI əməkdaşları tərəfindən saxlanılıb. Bir neçə ay ərzində özlərini İŞİD nümayəndələri kimi təqdim edən FBI işçiləri gənclərlə sosial şəbəkədə əlaqə qurublar.
“Mən riyaziyyatı və kimyanı yaxşı bilirəm. Mənim ərimin yaxşı kompüter bacarıqları var. Biz tez öyrənirik, istərdik ki sizlərə tibbi yardım göstərək. (...) Şübhə yaratmamaq üçün İstanbula başqa ölkənin ərazisindən uçacağıq”, - gənc qız yazıb.
CNN telekanalının məlumatına görə, gənclər döyüşçülərə həmçinin maddi yardım göstərməyə hazır olduqlarını da bildirmişdilər.
Gənclərin hər ikisi Missisipi universitetinin tələbəsi idilər.
Bu yaxınlarda islamı qəbul edən gənc qızın atası yerli polis şöbəsinin rəisidir.