Odessa dövlət vilayət administrasiyasının sədri Mixeil Saakaşvili Odessa gömrüyündə islahatlar vəd edir, bu islahatlar 100 gün ərzində vilayətdə qaçaqmalçılığın qarşısını almağa imkan verəcək.
“Biz plan qurmuşuq, bu plan sayəsində 100 gün ərzində Odessa vilayətində qaçaqmalçılığın qarşısını demək olar ki, tamamən ala biləcəyik. Bunun üçün biz Odessa və İlyiçevsk limanlarında gömrük qeydiyyatı zonaları yaradacağıq, ordan gömrük və sərhədçilərdən başqa bütün xidmətləri götürəcəyik”, - bu vədi M.Saakaşvili Dövlət fiskal xidmətinin rəhbəri Roman Nəsirov ilə (milliyyətcə azərbaycanlıdır – red.) birgə verdiyi mətbuat konfransında bildirib.
Oxu.Az bu barədə “İnterfaks - Ukraina”ya istinadən xəbər verir.
Digər vədlər sırasında 15 dəqiqə ərzində yüklərin qeydiyyatdan keçirilməsi, 5%-7% yüklərin yoxlanması, gömrüyün tamamən yenilənmiş ştatı kimi vədlər də var.
Daha öncə M.Saakaşvilinin Odessa gömrüyünün rəhbəri vəzifəsinə şəffaf müsabiqə elan ediləcəyi, eləcə də gömrük nəzarətində islahatların aparılmasına ABŞ-ın yardım edəcəyi də bildirilmişdi.