Gürcüstan DİN-in ictimaiyyətlə əlaqələr departamenti günün sonuna doğru ölkə ərazisində Rusiya hərbi avtomobillərinin hərəkətinə dair informasiyanı şərh edib.
Nazirlikdə bəyan ediblər ki, avtomobillər Rusiyadan fərdi şəxs tərəfindən əldə edilib və onlara üçüncü ölkəyə giriş qadağandır.
“Sosial şəbəkələrdə Rusiya tranzit nömrələri olan avtomobillərin fotoları yayılıb. DİN bu maşınlar barədə tam məlumata malikdir.
Avtomobillər hərbi təyinata malik deyillər və Gürcüstan, eləcə də qonşu ölkələr üçün heç bir təhlükə ifadə etmirlər. Yük avtomobilləri Rusiya Federasiyasında fərdi şəxs tərəfindən satın alınıb, onlara tranzit nömrələr verilib, bu nömrələr ilə onlara üçüncü ölkəyə keçmək qadağandır.
Avtomobillərin sahibi müəyyənləşdirilib. Avtomaşınlar Tbilisidə ikinci əl istifadə üçün və hissələrə ayrılmaq üçün saxlanılır”, - departamentin rəhbəri Nino Qiorqobiani bəyan edib.
Xatırladaq ki, bu gün gürcü bloqosferasında Rusiya hərbi yük maşınları barədə xəbər və fotolar yayılıb.
Bütün maşınlar “ZİL” bazasında KŞM tipli kuzalı, region “06” İnquşetiya RF-nin tranzit nömrə nişanlı olub.
Gürcü blogerlərinin sözlərinə görə, bu maşınlar ötən gecə Tbilisinin mərkəzi rayonlarından birində dayanacaqda olub, sonra isə naməlum istiqamətdə yola düşüblər. Jurnalistlərin bu maşınlar barədə suallarına patrul polisi cavab olaraq sərhədi keçmə haqqında informasiyanın ictimai olmadığını deyiblər.
Qeyd etmək lazımdır ki, dünən gürcü “Pirveli radio” (Birinci radio) bu maşınların Rusiya Müdafiə Nazirliyinə məxsus olması və onların Rusiyanın Gümrüdəki hərbi bazasına yollandığı barədə xəbər yayıb.