Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstanda etiraz aksiyası DAVAM EDİR: Saxlanılan şəxslərə qarşı ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu etiraz aksiyalarında iştirak edən altı nəfər barəsində kütləvi zorakılıqda iştirak etmək maddəsi üzrə ittiham irəli sürüb.
Bu barədə Oxu.Az "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbər verir.
Prokurorluğun məlumatına görə, etiraz aksiyaları zamanı təqsirləndirilən şəxslərin əməlləri nəticəsində bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, həmçinin onlar fiziki və hüquqi şəxslərin əmlakına, o cümlədən şəhər infrastrukturuna ziyan vurub və məhv ediblər.
Təqsirləndirilən şəxsləri 4 ildən 6 ilə qədər həbs gözləyir.
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Rustaveli prospektində ötən gün keçirilən mitinqdə 48 nəfəri saxlayıb.
Oxu.Az-ın "Sputnik Gürcüstan"a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilib.
"Aksiya iştirakçılarının, əvvəlki iki gündə olduğu kimi, öz etirazlarını dinc şəkildə bildirmək və mitinqi davam etdirmək imkanları var idi, lakin onlardan bəzilərinin hərəkətləri zorakılıq xarakteri aldı", - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, mitinqə toplaşanlar parlament binasına və polis əməkdaşlarına pirotexniki vasitələr atıblar, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edib, onlara daş və müxtəlif ağır əşyalar atıblar. Nəticədə DİN-in bir əməkdaşı yaralanıb.
Nazirlik qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının etirazın dinc yolla bildirilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, toplaşanlar qanunazid hərəkətlərinə davam ediblər, buna görə də aksiyanın dağıdılmasına başlamaq qərara alınıb.
Rəylər