Gürcüstanın baş prokurorluğu ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşlarını saxlayıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, onlar 2 milyon dollardan artıq büdcə vəsaitlərini talamaqda ittiham olunurlar.
Saxlanılanlar Müdafiə Nazirliyinin dövlət satınalmaları departamentinin rəhbəri Gizo Qlonti, idarənin hazırkı rəisi Georgi Lobjanidze və həmin departamentinin baş mütəxəssisi Arçil Alavidzedir.
Prokurorluq həmçinin Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rabitə və informasiya texnologiyaları departamentinin rəhbəri Nuqzar Kaişauri və həmin departamentin idarə rəisi David Tsipuriyanın də həbs olunduğunu elan edib.
Cinayət işi məxfi dövlət satınalmalarına aiddir. İstintaqın məlumatına görə, “Silknet” şirkətinin aldığı 4 milyon laridən çox (2,3 mln. dollar) vəsait oğurlanıb.
Baş prokurorluq iddia edir ki, saxlanılan şəxslər “Silknet”in tenderdə qalib gəlməsi üçün əllərindən gələni ediblər, digər şirkətlərə yalan informasiya təqdim ediblər.
A.İ.
www.oxu.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin