2024-cü il 14 noyabr vəziyyətinə əsasən Gürcüstan əhalisinin sayı 3 929 581 nəfər təşkil edib ki, bu da 2014-cü il siyahıyaalmasının nəticələri ilə (3 713 804 nəfər) müqayisədə 5.8 faiz (215 777 nəfər) çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin açıqladığı statistik məlumatlarda deyilir.
Bildirilir ki, 2024-cü il siyahıyaalmasının nəticələrinə əsasən, Gürcüstan vətəndaşlarının sayı 3 775 415 nəfərdir. Daimi yaşayan xarici vətəndaşların sayı 133 857 nəfərdir. Ən çox xarici vətəndaşlar Rusiya (37 715), Hindistan (23 925), Ukrayna (11 542), Azərbaycan (8 309) və Ermənistan (5 381) vətəndaşlarıdır.
Etnik tərkibə gəldikdə, gürcü millətindən olan əhali 3 304 075 nəfərdir (84.1 faiz). Azərbaycanlılar 268 832 nəfər (6.8 faiz), ermənilər 169 296 nəfər (4.3 faiz) təşkil edir. Ruslar 42 545 nəfər, hindlilər 23 996 nəfər, ukraynalılar 14 443 nəfər təşkil edir.
Dini tərkib baxımından pravoslav xristianlar 3 223 206 nəfər (82.0 faiz), müsəlmanlar 437 458 nəfər (11.1 faiz), erməni apostol kilsəsi üzvləri 101 736 nəfərdir.
Statistik məlumatlarda gürcü dili ana dili olaraq 3 343 987 nəfər üçün (85.1 faiz) göstərilib. Azərbaycan dili 265 534 nəfər (6.8 faiz), erməni dili 139 438 nəfər (3.5 faiz) üçün ana dildir. Rus dili 54 460 nəfər üçün ana dildir.