Qazaxıstanda sosial şəbəkədə yayılan fotoşəkillərdən biri rəsmi qurumları hərəkətə gətirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən həftə Qazaxıstanın ən böyük şəhərlərindən olan Almatıda ölkə bayrağına qarşı təhqiramiz hərəkət edilib.
Bu barədə Qazaxıstan xəbər agentliyi yazıb. Belə ki, yük maşını ilə zibil daşıyan vətəndaşlardan biri, maşının zibil yığılan hissəsini ölkəsinin bayrağı ilə örtüb. Həmin vaxt yolda olan başqa bir vətəndaş isə həmin anın şəklini çəkərək sosial şəbəkədə yayıb.
Fotoşəkil geniş söz-söhbətə səbəb olub və iş Almatı prokurorluğuna qədər gedib çıxıb. Polis qruplarının təhqiqatı nəticəsində məlum olub ki, yük maşını şəhərin Qarasay bölgəsində qeydiyyatda olan 1988-ci il təvəllüdlü A.J.Yesenbekov adlı bir şəxsə məxsusdur.
Məsələ ilə əlaqədar olaraq, dövlət bayrağına qarşı suç ittihamı ilə həmin şəxsə cəza tətbiq edilib. Vətəndaş etdiyi hərəkətə görə 170 min təngə (təxminən 2 min dollar) ödəməlidir.
