Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran XİN-dən bəyanat: "Rəsmi Tehran İsrailin zərbəsinə cavab verməyi özünə borc bilir"
"İran BMT Nizamnaməsinə əsaslanaraq İsrailin İran ərazisinə zərbəsinə cavab verməyi özünə borc bilir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikasının XİN-in bəyanatında deyilir.
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi sionist rejimin (İsrailin) İrandakı hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, onları beynəlxalq hüququn və BMT Nizamnaməsinin, xüsusilə də digər ölkələrin ərazi bütövlüyünə, yaxud siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etmək təhdidindən çəkinmək prinsipinin açıq pozulması hesab edir", - bəyanatda qeyd olunur.
Sənəddə deyilir ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində də əks olunmuş qanuni müdafiə hüququna əsaslanaraq, xarici təcavüz aktlarından özünü müdafiə etməyi özünün hüququ və vəzifəsi hesab edir.
"Şübhəsiz ki, sionist rejimin (İsrailin) regionda işğalının, qanunsuz hərəkətlərinin və cinayətlərinin, xüsusilə də Birləşmiş Ştatların və bəzi digər Qərb ölkələrinin hərtərəfli hərbi-siyasi dəstəyi ilə həyata keçirilən Fələstin xalqına qarşı soyqırımın və Livana qarşı təcavüzün davam etdirilməsi regionda gərginlik və qeyri-sabitliyin əsas səbəbidir", - deyə sənəddə vurğulanıb.
Tehran üçüncü ölkə vasitəsilə İsrailə bildirib ki, İran ərazisinə qarşı raket hücumuna cavab olaraq həyata keçirilən hücuma reaksiya verməyəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sky News Arabia" telekanalı mənbələrə istinadən məlumat yayıb.
İran İsrail təcavüzünə cavab verməyə hazır olduğunu bəyan edib.
Oxu.Az bildirir ki, bu barədə "Tasnim" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, İran hər hansı təcavüz aktına cavab vermək hüququnu özündə saxlayır və əlavə edib ki, İsrailin istənilən addıma müvafiq cavab alacağına şübhə yoxdur.
Xatırladaq ki, oktyabrın 26-sı gecə saatlarında İsrail hərbi təyyarələrlə İranın strateji obyektlərinə üç silsilə hücum təşkil edib.
Rəylər