Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda ruhanilərin etirazları niyə artır? - VİDEO
Son vaxtlar İranın ictimai-siyasi həyatında özünü göstərən meyillərdən biri də ruhanilərin mövcud vəziyyətə və hakimiyyətin yürütdüyü siyasətə etirazlarının artması tendensiyasıdır.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Müəllif qeyd edib ki, İran quruluşunda din xadimləri prinsipcə imtiyazlı təbəqə sayıldığından bu hal və onun səbəbləri, əlbəttə, maraq doğurur.
“İş o yerə çatır ki, bəzən rejimin qırmızı xətlərini keçdiyi üçün tənqidçi ruhanilər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunur, bir çoxları isə ölkədə fəaliyyət göstərən ruhanilər üçün xüsusi məhkəməyə çağırılaraq sorğu-sual edilib müvafiq xəbərdarlıq alırlar. Lakin faktlar göstərir ki, bu tədbirlər artıq səmərə vermir, yəni susdurulan tənqidçi ruhanini bir başqası əvəz edərək daha kəskin tənqidlər səsləndirir. Bu cür tənqidi mövqe əsasən orta və aşağı səviyyəli din xadimləri arasında üstünlük təşkil etsə də, bəzən yüksəkrütbəli ruhanilərin də cəmiyyətdəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edən etiraz səsləri də ucalır”, - deyə videosüjetdə qeyd olunub.
Müəllif xatırladıb ki, ötən il martın 19-da Qum elmi hövzəsinin nüfuzlu üləmalarından biri sayılan Məhəmməd Cavad Ələvi Borucerdinin ölkədəki durumu kəskin tənqid edən çıxışının görüntüləri yayılıb. Məşhur şiə müctəhidi Hüseyn Təbatəbayi Borucerdinin nəvəsi olan bu ruhani İrandakı vəziyyətin xalq üçün dözülməz həddə çatdığını vurğulayaraq deyib:
“Əhalinin vəziyyəti yaxşı deyil, camaatın güzəranı nəinki yaxşı deyil, çox pisdir. Cənab məsul şəxslər, baş alıb gedən bu inflyasiya əhalinin gününü qara edib, həyatını alt-üst edib. İnsanlar artıq dözə bilmirlər, bu vəziyyətdə yaşamaq iqtidarında deyillər. Bir çarə edin, dörd nəfər iqtisadiyyat mütəxəssisi gətirin, nə bilim, dörd nəfər işbilən adama işi tapşırın. Ət əhalinin süfrəsində çoxdan yoxdur, artıq toyuq da yoxa çıxıb, qalıb yumurta, onun da qiyməti günbəgün qalxır”.
Rəylər