"İran Prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin qəzaya uğramasının əsas versiyası əlverişsiz hava şəraiti hesab olunur".
Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali News.ru-ya bildirib.
Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləyirlər.
"Bu nöqtədə bildiyimiz odur ki, (qəzaya) əlverişsiz hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu işi araşdırır və bu gün biz bununla bağlı şərh verə bilmərik", - deyə o vurğulayıb.
Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı ilə yanaşı, İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar.
Bundan əvvəl məlum olub ki, son anda onların hamısı eyni helikopterə mindirilib. Helikopter trekerlərlə təchiz edilib və hərbi pilotlar tərəfindən idarə olunub.
Rəylər