İtaliyanın Səhiyyə Nazirliyi gözlənilən istilərin pik həddi səbəbindən ən yüksək (qırmızı) meteoroloji təhlükə dərəcəsinin tətbiq olunduğu ərazilərin sayını kəskin şəkildə artırıb. İyulun 16-dan etibarən bu xüsusi xəbərdarlıq ölkə daxilində 15 şəhərə şamil ediləcək.
Oxu.Az-ın məlumatına əsasən, müvafiq məlumat nazirliyin rəsmi internet səhifəsində dərc olunub.
Bildirilir ki, çərşənbə günü ən yüksək təhlükə səviyyəsi yeddi şəhərdə - Bolonya, Breşiya, Roma, Turin, Peruca, Florensiya və Frozinonedə qüvvədə olacaq. Cümə axşamından isə Səhiyyə Nazirliyinin qərarı ilə siyahıya daha səkkiz şəhər - Viterbo, Genuya, Kalyari, Kampobasso, Latina, Palermo, Peskara və Rieti əlavə olunacaq.
Sinoptiklərin proqnozlarına görə, Sardiniyanın daxili rayonlarında termometrin sütunu 45 dərəcəyə qədər yüksələ bilər. Mərkəzi və cənub bölgələrində temperaturun pik həddi 39 dərəcəyə çatacaq.
Kəskin hava şəraiti ilə bağlı meteoroloqlar əhalini bütün təhlükəsizlik qaydalarına riayət etməyə çağırırlar. Bu xəbərdarlıq ilk növbədə azyaşlılara və yaşlı vətəndaşlara aiddir. Mütəxəssislər imkan daxilində qapalı məkanlarda qalmağı, bol su qəbul etməyi və fiziki aktivliyi azaltmağı məsləhət görürlər.