Keniyada Bakı Təşəbbüs Qrupunun (BTQ) neokolonializmlə mübarizə üzrə fəaliyyətindən danışıblar.
"Report" xəbər verir ki, Keniyanın dövlət televiziyası BTQ-nin fəaliyyətinə və Yeni Kaledoniyada və digər müstəmləkələrdə müstəmləkəsizləşdirmə və insan haqlarına qarşı mübarizə üzrə təşəbbüs qrupunun qaldırdığı məsələlərə dair reportaj hazırlayıb.
Reportajda qeyd edilib ki, BTQ Fransanı neokolonializm siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin etməyə çağırıb. Eyni zamanda QHT nümayəndələri bu məsələlərlə bağlı real vəziyyəti beynəlxalq ictimaiyyətə təqdim etməkdə davam edirlər.
"BTQ artıq Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçirib. Müzakirələr zamanı təbii ehtiyatların ədalətsiz bölüşdürülməsi məsələsi qaldırılıb", - Keniya dövlət televiziyasının reportajında deyilir.
Bundan əvvəl BTQ-nin dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" adlı hibrid konfrans keçirilib.
Konfransda Azərbaycan və Keniya KİV-nin 30-a yaxın nümayəndəsi, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Kaledoniya və Fransa Qvianasının milli müstəqillik hərəkatı və siyasi partiyalarının rəhbər heyəti və üzvləri iştirak ediblər. Konfransda Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest, Fransa Qvianasının sosial azadlıq və dekolonizasiya naminə hərəkatının Prezidenti Moris Pindar, Fransa Qvianasından MDES hərəkatının beynəlxalq bölməsinin üzvü Dominik Montet Kaledoniyada baş verən son hadisələrlə bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıblar.
Tədbirdə BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi, hazırda isə "Troyka"nın üzvü olduğu Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini QH-nin müvafiq sənədlərində öz əksini tapmış prinsiplər üzərində quraraq XXI əsrdə dünyada kolonializmə son qoymaq üçün fəal iş aparır, dekolonizasiya prosesinə töhfələr verir:
"Hərəkat çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkən xalqların nümayəndələrinin iştirakı ilə yaradılmış qeyri-hökumət təşkilatı olan BTQ beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəmləkədən azad olmaq arzusunda olan xalqların ədalətli mübarizəsini dəstəkləyir. Təşkilatımız BMT-nin müvafiq qurumları, o cümlədən İnsan Hüquqları Şurası, eləcə də BTQ-nin təmsil olunduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər aidiyyəti təşkilatlarda beynəlxalq platformalar vasitəsilə müstəmləkələrdəki mövcud vəziyyəti dünya ictimaiyyətinin daim diqqətinə çatdırır və bu fəaliyyət yüksələn xətlə inkişaf edir".
BTQ 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən nazirlər iclası çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması" konfransının iştirakçıları tərəfindən yaradılıb.
BTQ 21-ci əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif regionlarında yaşayan xalqların azadlıq mübarizəsini dəstəkləyir.