Kim Çen Inın ölkənin ən uca dağına qalxması barədə xəbəri Şimali Koreyanın dövlət televiziyası yayıb. Fotolar onun qarlı zirvədə günəşin qarşısında dayandığını əks etdirir.
Onun atası Kim Çen Ilin də dağ zirvəsində doğulduğunu deyirlər, lakin bir çox tarixçilər keçmiş Koreya liderinin doğum yerinin Rusiya olduğuna əmindirlər.
Oxu.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, xəbərlərdə deyilir ki, Kim Çen In 2750 metr hündürlüyə yüzlərlə hərbi təyyarəçinin və partiya rəsmilərinin müşayiəti ilə qalxıb.
“Rodonq” qəzetinin yazdığına görə, Koreya lideri öz hərbçilərinə belə deyib: “Pektusan dağına çıxmaq insana nüvə silahından da güclü zehni qida verir”.
Düzü, bir çox dil ekspertləri onun bu kəlamındakı müqayisənin mənası üzərində baş sındırırlar.
Xəbər verilir ki, bu səfərdə məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub.
Çinlə sərhəddə yerləşən vulkanik Pektusan dağı Koreya folklorunda müqəddəs sayılır.
Bu dağ həmçinin Kim ailəsinin “Pektusan qanına” mənsub olmasının simvolu kimi təbliğ edilir.
Bu yaxınlarda belə iddia edilmişdi ki, Kim maşın sürməyi 3 yaşına qədər artıq öyrənibmiş.
Rejim həmçinin iddia edir ki, Kim Çen Il 2011-ci ildə vəfat edənə qədər ən mahir qolf ustası olub.
Atası kimi gənc Kim də ordu bazalarına, fabrik və başqa mühüm obyektlərə tez-tez baş çəkir. Analitiklər deyirlər ki, bu yolla o, özünü xalqa enerjili lider kimi göstərməyə çalışır.