Çinin dövlət şirkətləri ABŞ-nin "Rosneft" və "Lukoyl" şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiyadan neft satın alınmasını dayandırıblar.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verir.
Söhbət "PetroChina", "Sinopec", CNOOC və "Zhenhua Oil" şirkətlərindən gedir. Mənbələr qeyd edirlər ki, onlar ən azı qısamüddətli perspektivdə Rusiya enerji resurslarının dəniz yolu ilə tədarük edilməsindən imtina edəcəklər.
Agentliyin məlumatına görə, "Rosneft" və "Lukoyl" öz neftlərinin böyük hissəsini vasitəçilər vasitəsilə Çinə satırlar. İdxalın əhəmiyyətli hissəsini müstəqil neft emalı zavodları üçün tədarüklər təşkil edir.