ABŞ Prezidenti Donald Tramp Çin qoşunlarının müharibədən sonra Ukraynada sülhməramlılar qismində yerləşdirilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Çin qoşunlarının sülhməramlılar kimi göndərilməsi təklifi ilk dəfə Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.
Tramp Ağ Evdə avropalı liderlərlə və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə bu təklifi dəstəkləyib. O, Çini Rusiya ilə sülh nizamlanması çərçivəsində 1 300 kilometrlik cəbhə xətti boyunca neytral zonanın monitorinqi üçün sülhməramlılar qismində dəvət etməyi təklif edib.
Nəşr qeyd edir ki, Çin sülhməramlıları ideyasını Pekini Rusiyanın hərbi-sənaye kompleksinə yardım göstərməkdə ittiham edən Avropa ölkələri və Ukrayna dəstəkləməyib.
Tramp administrasiyasının nümayəndəsi isə xəbəri təkzib edərək, əlavə edib ki, Çin sülhməramlıları məsələsi müzakirə olunmayıb.