Koronavirusa yoluxanların yerləşdirildiyi şəhər xəstəxanası istismar müddəti 15 il öncə bitmiş süni tənəffüs aparatı ilə təchiz olunub.
360tv.ru-nun məlumatına görə, hadisə Rusiyanın Vladimir şəhərində qeydə alınıb.
Bildirilir ki, prokurorluq yoxlama zamanı bu faktı aşkar edib, materiallar istintaq orqanlarına təhvil verilib.
“Yoxlama zamanı məlum oldu ki, 2020-ci ilin aprel ayının əvvəllərində Vladimir şəhərinə tibbi müəssisələrin ehtiyacı üçün 50 ədəd “FAZA-5HP” aparatı gətirilib. Aparatlar koronavirus infeksiyası olan xəstələrin müalicəsi üçün Vladimir şəhərindəki 6 nömrəli şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsinə verilib”, - deyə məlumatda bildirilib.
Prokurorluqdan o da bildirilir ki, vaxtı keçmiş və praktik olaraq işlək vəziyyətdə olmayan aparatlara altı milyon rubl (164 400 AZN) xərclənib.