A seriyası və avrokubokların görüşləri ayın sonuna qədər tamaşaçı olmadan keçiriləcəyi təqdirdə, İtaliya çempionatının komandaları 28,6 milyon avroya yaxın vəsait itirəcək.
Bu barədə “Calcio e Finanza” yazır.
Araşdırmaların nəticələrinə əsasən, ən çox Turinin “Yuventus” klubu itki verəcək. Belə ki, klub biletlərin satışından əldə edə biləcəyi 12,3 milyon avro gəlirdən məhrum olacaq. İkinci yerdə “Milan” (3,4 mln. avro), üçüncü yerdə isə “İnter” (2,7 mln. avro) gəlir. Paytaxtın “Roma” klubu isə 2,4 mln avro itirəcək.

Qeyd olunur ki, koronavirusa görə mart ayında 32 görüş tamaşaçı olmadan keçirilə bilər.
Koronavirus epidemiyası Çinin Hubey əyalətində 2019-cu ilin dekabr ayında qeydə alınıb. Son məlumatlara görə, üç min nəfər xəstəlikdən vəfat edib, 55 min nəfər sağalıb. Xəstələnənlərin ümumi sayı 100 mini ötüb.
Avropada isə koronavirusun episentri İtaliya olub, orada üç mindən artıq insan bu xəstəliyə yoluxub.